Abşeron rayonunda oteldə sevgilisini öldürməkdə təqsirli bilinən 35 yaşlı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Nəriman Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, qətlə yetirdiyi Aysel Orucova ilə "Oskar" otelində birlikdə olan zaman qadınla mübahisə edib. Mübahisə zamanə Aysel onu təhqir edib: "Mən də ona hirsəndim, özümdən çıxdım. Onu necə vurduğumu xatırlamıram, həmin zaman özümdə deyildim. Ayılanda gördüm ki, Aysel xırıldayır".
Növbəti proses aprelin 8-də davam edəcək.
İttihama görə, ötən il sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki “Oskar” otelində Ucar rayon sakini, 21 yaşlı Aysel Orucova bıçaqlanaraq öldürülüb.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, 21 yaşlı Aysel Orucovanın 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.
Nərimanla Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb.
Bu müddətdə cütlük bir neçə dəfə görüşüb. Son görü. sentyabrın 23-də Fatmayıdakı oteldə olub.
Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə "Oskar" otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib.
Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb. Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.
Məlumata görə, hadisə baş verən günü Aysel Pirşağa qəsəbəsindəki "Qala Klub" deyilən məkanda Nərimanla əyləndikdən sonra "Oskar" otelinə gedib.
Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni Aysel Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.
İstintaq orqanı tərəfindən Nəriman Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.