Azərbaycanda oğluna görə məktəb direktorunu öldürən məhkum həyat hekayəsini danışıb.
Teleqraf.com xəbər verir ki, ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında həyat hekayəsini danışan məhkum Əmirxan Qurbanov 13 il həbs cəzası alıb.
Əmirxan Qurbanov qeyd edib ki, oğlu məktəbdə müəllim işləyib:
"Direktor ona deyib ki, sinifdə 1-2 şagirdə icazə vermişəm, kənarda alverlə məşğul olurlar, sən onlara qiymət yaz. Oğlum da razılaşmır. Direktor da yumruqla oğlumun ağzına vurub. Oğlum üz-gözü qan içərisində evə gəldi. Bıçağı götürərək məktəbə getdim, orada yox idi. Bu iş belə qaldı".
Daha sonra məhkum hadisəni belə danışıb:
"Bir axşam oğlum mənə, “ata, mənə kömək et, taxılımızı biçdirək” dedi. Səhər-səhər getdim, səs gəldi, gördüm həmin direktor əlində telefon kiminləsə danışır. Yaxınlaşıb dedim, müəllim sənə sözüm var. Oğlumu niyə vurmusan? Dedi, mən etməmişəm. Yapışdı yaxamdan, silkələyib məni kənara itələdi. Mən də bıçağı çıxararaq onun qarın nahiyəsinə vurdum. Elə birinci zərbədən öldü. Bıçaq ürəyinə giribmiş".
Əmirxan Qurbanov qeyd edib ki, oğlunun təqsirli oldu]unu bilsəydi, bu cinayətə əl atmazdı:
"O, nahaqdan mənə sataşdı. Düzdür, onun balalarını yetim qoydum. Amma onun övladlarını öz balalarımdan da çox istəyirdim. Keçə bilmədim, çünki onun tökdüyü qandan keçmək olmazdı. Biz onunla yaxın olmuşuq. Hərdən fikirləşirəm ki, kaş oğlum müəllim olmazdı, bəlkə onunla mənim aramda da belə hadisə baş verməzdi. Deyirlər, adamı şeytan doldurur. Burada şeytanlıq nə var? Hər kəs öz işinin şeytanıdır. İstəyirəm buradan çıxandan sonra onun övladlarına gücüm çatdığı qədər hörmət edim ki, bəlkə bir balaca ürəklərində mənə qarşı rəhm olsun”.