26 Aprel 2019 13:37
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Əli Nəcəfov 7 il, Vüsal Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Vüsal Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, Əli Nəcəfov Nərimanov rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşı olmuş Vüsal Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb və Əli Nəcəfova verib.

Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.

Vətəndaşların şikayətindən sonra Əli Nəcəfov ölkə xaricinə qaçıb.

"İnterpol" xətti ilə axtarışda olmuş Əli Nəcəfov Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.


Müəllif: Hacı Zeynalov