Bakı Apellyasiya Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Şahin Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
İttiham aktına əsasən, 2018-ci ilin iyun ayının 5-də, saat 21 radələrində Şahin Allahverdiyev Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə həyat yoldaşı M.A (ad, soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb o, arvadının yeməyi pis bişirməsini irad tutması olub.
Tərəflər arasındqa mübahisə böyüyüb və Ş.Allahverdiyev arvadınının baş nahiyəsinə yumruqla, sol baldır nahiyəsinə isə bir dəfə təpiklə vurub.
Daha sonra M.A hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib və Ş.Allahverdiyev barəsində Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Binəqədi Rayonu Məhkəməsinin hökmü ilə Ş.Allahverdiyev 1000 manat miqdarda cərimə cəzasına məhkum edilib. Hökmdən narazı qalan Ş.Allahverdiyevin vəkili apellyasiya şikayəti verib.
Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırıb ki, hüquqlarını müdafıə etdiyi şəxs iş üzrə zərərçəkmişlə 17 fevral 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurub. Hazırda o, ailə üzvləri ilə birlikdə yaşayırlar. Vəkil həmçinin təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışdığını, himayələrində bir azyaşlı uşaqların olduğunu da deyib.
Müdafiəçi müvəkkilinin barəsində çıxarılmış hökmün ləğv olunmasını və Ş.Allahverdiyevin cinayət işi üzrə icraata xitam verilməsini istəyib.
Məhkəmə iclasında iştirak edən zərərçəkmiş M.A hazırkı işə apellyasiya icraatı qaydasında baxılan ərəfədə məhkum tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödəndiyini və onunla barışdığını bildirib. O, ərinin barəsində çıxarılmış hökmün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edib.
Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirlən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilib. Binəqədi Rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Ş.Allahverdiyev CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunub. Onun CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub./Unikal.org/