Bakıda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Müxalif Balayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il yanvarın əvvəlində paytaxtın Xəzər rayonu ərazisində baş verib.
Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Müxalif Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cəmalə Balayeva ilə mübahisə edib.
Mübahisə nəticəsində Müxalif Balayev Cəmalə Balayevanı bıçaqlayıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Müxalif Balayev əvvəllər odlu silah gəzdirmə maddəsi ilə məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa çıxıb.
Saxlanılan şəxs ilkin ifadəsi zamanı həyat yoldaşını bıçaqlamasından danışıb. Onun sözlərinə görə, məhkum olub və həbsdən çıxdıqdan sonra iş tapa bilməyib.
Bu isə ailədə söz-söhbətin yaranmasına səbəb olub.
Hadisə baş verən gün isə Müxalif içkili vəziyyətdə evə gəlib və Cəmalənin təhqirlərinə dözməyərək mətbəxt bıçağı ilə ona bir neçə zərbə endirib.
İstintaq orqanı tərəfindən Müxalif Balayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.