Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə qarşısında Azərbaycan vətəndaşı, 1973-cü il təvəllüdlü Elçin Məmmədov, İran İslam Respublikasının vətəndaşları, 1984-cü il təvəllüdlü Naghel Nodeh Ali Eltemas və 1971-ci il təvəllüdlü Naghel Nodeh Parivash Eltemas mühakimə olunublar.
İttihama görə, Naghel Nodeh Ali Eltemas satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib. O, narkotik vasitəni Azərbaycanın gömrük sərhədindən gizli keçirmək barədə 2013-cü ilin avqust ayında İran İslam Respublikasının Astara şəhərində bacısı Naghel Nodeh Parivash Eltemas və Elçin Məmmədov ilə qabaqcadan cinayət əlaqəsinə girib.
Naghel Nodeh Ali Eltemas 4500 manat müqabilində narkotik məmulatı bacısının vasitəsilə Lənkəran şəhərinə gətirib və orada narkotik vasitəni cinayətkar qrupun üzvü Elçin Məmmədova təhvil vermək üçün 7 avqust 2013-cü ildə plan qurub. Plana əsasən, o, 430,258 qram heroin narkotik vasitəsini 3 ədəd bağlamada əldə edib. Naghel Nodeh Ali Eltemas həmin narkotik vasitəni bacısının alt paltarına yerləşdirib.
Onlar birlikdə həmin gün saat 12:45 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsinə gəliblər. Gömrük nəzarəti zamanı həmin narkotik vasitə aşkar olunub. Əvvəlcədən qrulmuş əməliyyat zamanı İran vətəndaşları narkotik vasitəni Elçin Məmmədova vermək istəyərkən həbs olunublar.
Hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elçin Məmmədov 9 il 6 ay, Naghel Nodeh Ali Eltemas 10 il və Naghel Nodeh Parivash Eltemas 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov