Bakıda voleybolçu Anjelika Morozovanı qətlə yetirməkdə ittiham olunan Qazax rayon sakini Namiq Vəkilovun barəsində hökmdən verilən kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Namiq Vəkilovun kasasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Vəkilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Namiq Vəkilov apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan Namiq Vəkilov Ali Məhkəməyə müraciət etmişdi.
İttihama görə, 2017-ci il fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti mərhumun tanışı, 1985-ci il təvəllüdlü Namiq Vəkilovun törətdiyi müəyyən edilib. O, hadisədən bir gün sonra Qazax rayonu ərazisində tutulub.
Məlum olub ki, Namiq Vəkilov fevralın 24-də Anjelika Morozovanın Hövsan qəsəbəsindəki evinə gəlib. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Namiq Vəkilov Anjelika Morozovanın başına torba keçirərək boğub.
Anjelika Morozova tək yaşayıb, qapalı həyat tərzi sürüb. O, voleybolçu olub.
Namiq Vəkilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.