18 İyul 2019 15:45
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qonşusunu öldürməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Dostəli Abuzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Dostəli Abuzərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 17-də rayonunun Zeytun bağları adlanan çöllük ərazidə Dostəli Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərsəng Qədirovu bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən Dostəli Abuzərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qətl hadisəsi qonşular arasında mübahisə zəminində baş verib.

İstintaqa ifadə verən Dostəli Abuzərov törətdiyi cinayəti etiraf edib. O, hadisənin söyüş üstündə baş verdiyini deyib.

Suraxanı rayonunda qətl törədən Dostəli Abuzərovun əvvəllər məhkum olunduğu üzə çıxıb.

Məlumata görə, Yeni Suraxanı qəsəbəsində yaşayan Dostəli Abuzərov 2006-cı ildə Salyan rayon sakini Qüdrət Malıyevi qətlə yetirib.

Bildirilir ki, Dostəli Abuzərov 2006-cı ilin mayında Qüdrət Malıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşını saxlayıb, onu Abşeron rayonunun Goradil kəndində yaşayan qohumu Balakişi Begiyevin evinə aparmasını tələb edib.

Sərxoş Dostəli Abuzərovun əlində 2 ədəd tüfəng olduğunu görən Qüdrət Malıyev bu tələbi rədd edib.

Bununla əlaqədar baş vermiş münaqişə zəminində Dostəli Abuzərov tüfəngdən atəş açaraq Qüdrət Malıyevi qətlə yetirib.

Bildirilir ki, Dostəli Abuzərov 11 il müddətinə azadlıqdan məhrum edilib, o, 2017-ci ildə həbsdən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər