Bakıda dələduzluqda təqsirləndirilən Lətif Qasımov və Zaur İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə bir neçə şahidin ifadələri elan olunub.
Zərərçəkmiş Təranə Dünyamalıyeva ona dəymiş ziyanın ödənilmədiyini söyləyib.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxışa hazır oımadığın və məhkəmədən vaxt istədiyini bildirib.
Növbəti proses iyulun 29-da davam edəcək.
Qeyd edək ki, Lətif Qasımov həbsdə olan “Real MTK”-ın rəhbəri İlham Qasımovun oğludur.
İttihama görə, Lətif Qasımovla Zaur İsayev Təranə Dünyamalıyevaya qarşı külli miqdarda dələduzluq ediblər.
Daha əvvəl “Real MTK”-ın rəhbəri İlham Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.
Xatırladaq ki, İlham Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.