23 İyul 2019 10:47
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Vüqar Mahmudov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmə Vüqar Mahmudova sərbəst ifadə verməyi təklif edib. Amma Vüqar Mahmudov hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib. Bu səbəbdən hakimlər zərərçəkmişləri və şahidləri dinləməyə qərar verib.

Növbəti proses avqustun 5-də davam edəcək.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

Vüqar Mahmudovun barəsində 2017-ci ilin noyabrın da həbs edilib.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Bunlar iş adamları - Sahib Qurbanov, Elşən Tağıyev, Maqsud Mahmudov, Tural İsgəndərli, Zaur Əzimov, Bakı metropolitenini sabiq rəisi Tağı Əhmədov, onun oğlu Şövqü Əhmədovdur.

Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.

Zaur Əzimov ümumilikdə 320 min, Sahib Qurbanov isə 100 min manat məbləğində mülki iddianı məhkəməyə təqdim ediblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər