25 İyul 2019 13:48
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, vəzifə saxtakarlığı və dələduzluqda təqsirləndirilən Anar Əşrəfov və Sahil Cahangirlinin barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını tamamilə ləğv edib, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.

İttiham aktına əsasən, Sahil Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib. Digər təqsirləndirilən Anar Əşrəfov MTK-da müxtəlif vəzifələrdə işləyib.

Onlar hər ikisi vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, rəsmi sənədləri saxtalaşdırmaqla MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlara şərti cəza verilib.

Daha sonra Sahil Cahangirlinin barəsində digər əməlinə görə, cinayət işi başlanılıb. O, "Real" MTK-nın direktoru olan zaman Nərimanov rayonunda tikilən binada bir mənzili əvvəlcə Bəylər Abdullayevə, sonra isə Rauf Abdullayevə satıb.

Hazırda evdə Rauf Abdullayev yaşayır və sənədlər isə Bəylər Abdullayevin adınadır.

Cinayət materealına görə, Rauf Abdullayevə 150 min manat ziyan dəyib.

Məhkəmədə elan olunmuş ittiham üzrə Sahil Cahangirli özünü qismən təqsirli bildiyini deyib.

O söyləyib ki, 2006-cı ildə şirkətin əvvəlki direktoru İslam Qasımov mənzili Bəylər Abdullayevə satıb, 2013-cü ilin sentyabr ayında isə özü direktor təyin olunub.

Sahil Cahangirli Rauf Abdullayevə dəyən ziyanı ödəmək istədiyini qeyd edib.

Onun sözlərinə görə, İslam Qasımov hazırda həbsdə olan "Real" MTK-nın sahibi İlham Qasımovun qardaşıdır. Sahil Cahangirli isə onların bacısı oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə iclası gedən zaman Sahil Cahangirli bir neçə dəfə proseslərə gəlməyib. Bu səbəbdən iyulun 22-də hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə Sahil Cahangirlinin barəsində həbsli axtarış elan edilib. Onun tapılması üçün məhkəmə qərarın sürətini hüquq-mühafizə orqanlarına göndərib, proses isə qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, “Real MTK”-ın rəhbəri İlham Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.

Həmçinin, İlham Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər