Azərbaycan gömrükçüləri gömrük nəzarətinə bəyan edilməmiş mallar aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu günlərdə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya Federasiyasının vətəndaşı Musayev Abdulla Omaroviçin idarə etdiyi “Volvo FH12” markalı K685MB05/AE313305 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük baxışı keçirilən zaman Azərbaycan Respublikasının vətəndaşı Poladov Kamal Hidayət oğlunun adına göndərilən “Elektrik malları, xalq tələbatı malları, məişət dəftərxana malları” adlı yüklərin arasından gömrük nəzarətinə təqdim olunmamış 14 adda 4767 ədəd müxtəlif kosmetika məhsulları və 2 adda 137 ədəd avtomobil ehtiyat hissələri aşkar edilib.
Digər bir qaçaqmalçılıq faktını isə Balakən Gömrük İdarəsinin əməkdaşları aşkar ediblər. Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postundaTürkiyə Respublikasının vətəndaşı Efe Sami Muhiddin oğlunun idarə etdiyi “Mersedec-Benz” markalı 34ZA4715/34FA1972 dövlət nömrə nişanlı yük avtmobilinə gömrük baxışı keçirilən zaman Azərbaycan Respublikasının vətəndaşı Sahir Sultanovun adına göndərilən “Paltarlar və mebel” adlı yüklərin arasından gömrük nəzarətinə təqdim olunmayan 811 ədəd avtomobil ehtiyat hissələri, 3275 qutu sabun, 175 top mis kabel, istehsalat və xidmət sahələrində istifadə üçün nəzərdə tutulan ümumilikdə 4 adda 42 ədəd dəzgah və müxtəlif növ avadanlıqlar, 10 kisə ayaqqabı yapışdırıcısı aşkar edilib.
Hər iki fakt üzrə təhqiqat aparılır.