27 İyul 2019 11:48
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Abşeronda adam öldürməkdə təqsirləndirilən qadının polis əməkdaşı olması ilə bağlı iddialara münasibət bildirib.

İdarənin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur.

"Polis əməkdaşı olduğu iddia olunan Günel Qasımova 2016-cı ilin yanvar ayında daxili işlər orqanlarından xaric edilib", deyə BŞBPİ-dən bildirilib.

Qeyd edək ki, G.Qasımova Abşeron rayonunun Xırdalan şəhərində sevgilisini öldürməkdə təqsirləndirilir.

Hadisə 2018-ci ilin oktyabr ayında parkda baş verib. Xıdralan şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qasımova Günel Eldar qızı saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

G.Qasımovanın cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər