12 Sentyabr 2014 17:51
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirli bilinən Yavər Abbasov, Seymur Zeynalov, Famil Rəcəbov, Elşən Orucov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü il yanvarın 1-də paytaxtın Qara Qarayev prospektində yerləşən bazarın qarşısında Bakı şəhər sakini Natiq Musayevin taksi kimi fəaliyyət göstərdiyi “VAZ-2106” markalı avtomobilə 2 naməlum şəxs minərək onları Bakıxanov qəsəbəsinə aparmağı xahiş edib, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində N.Musayevə bıçaqla hədə-qorxu gələrək avtomobili əlindən alıb aparıblar.

Yanvarın 10-da Sarayevo küçəsində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Kamil Abbasovun taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobilə minərək Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində ona bıçaqla hədə-qorxu gəlib avtomobili əlindən alıblar.

Yanvarın 7-də isə Suraxanı rayonu Zığ qəsəbəsində iki nəfər naməlum şəxs, Bakı şəhər sakini Sənan Şəmilovun idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin kimi minərək Zığ şossesinin Qaraçuxur qəsəbəsi ərazisində S.Şəmilovu bıçaqla hədələyib avtomobili ondan alıb gediblər.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Famil Rəcəbov, Tərtər rayon sakini Seymur Zeynalov, Şərur rayon sakini Yavər Abbasov, Kəlbəcər rayon sakini Elşən Orucov və Şəmkir rayon sakini Əfqan Aslanov avtomobillərlə birlikdə tutulublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Məhkəmə davam edir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər