Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşı, 1970-ci il təvəllüdlü Arjomandzadeh Gholamreza Mohammad Ali oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Arjomandzadeh Gholamreza 2017-cı ilin sonlarında İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş bir qrup şəxsdən əldə etdiyi 3 ədəd bağlamada, hər bağlamanın içərisində 34 ədəd olmaqla, ümumilikdə 102 paketdə 50 kiloqram 800 qram heroini əldə edib.
O, narkotik vasitəni İranın Sari şəhərində “Renault Premium” markalı yük avtomobilinin qoşqusunun təkərlərinin arasında gizlədib.
Daha sonra mütəşəkkil dəstənin Niderland Krallığındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə çatdırmaq üçün Azərbaycan ərazisinə keçirməklə Niderland Krallığına aparmaq istəyib.
18 mart 2018-ci il tarixdə Arjomandzadeh Gholamreza Astara Gömrük İdarəsinin Yük Şöbəsində Azərbaycan Respublikasınin gömrük sərhədindən gömrük nəzarətində saxlanılıb.
İstintaq orqanı tərəfindən Arjomandzadeh Gholamrezanın barəsində Cinayət Məcəlləsinin 206.4-cü (gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə qaçaqmalçılıq), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arjomandzadeh Gholamreza 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Arjomandzadeh Gholamreza apelyasiya şikayəti verib və barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Sonda apelyasiya şikayətinin təmin olunmaması barədə qərar elan edilib.