15 Sentyabr 2014 12:34
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycanda Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə vətəndaşı Mehmet Alimin meyiti ötən il iyunun 5-də saat 20.00 radələrində Azərbaycan prospekti ev 23, mənzil 20 ünvanında yerləşən “Göyçay Kerpicsan” MMC-nin ofisində aşkarlanıb. Araşdırmalar zamanı onun həmin şirkətin icraçı direktoru olduğu və bıçaqla qətlə yetirildiyi məlum olub. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilən 1958-ci il təvəllüdlü Rasim Məmmədov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Rasim Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir.

Hökmdən təqsirləndirilən şəxs və onun vəkili də apelyasiya şikayəti verib. Müdafiə tərəfi Rasim Məmmədova ağır cəza verildiyini əsas gətirib. Vəkil şikayətində Rasim Məmmədovun cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası olub. Prosesdə tərəflərin şikayətlərinin dəlilləri araşdırılıb.

Məhkəmə baxışı sentyabrın 26-na təyin olunub.

Hacı Zeynalov


Müəllif: