20 Sentyabr 2019 10:38
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olmuş Zakir İsmayılov və Nəzakət İsmayılovanın barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclaslarının qapalı keçirilməsi qərara alınıb.

Məhkəmə baxışı sentyabrın 25-nə təyin olunub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olmuş Zakir İsmayılov xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilib.

Zakir İsmayılov keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm olaraq xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq araşdırması zamanı Nəzakət İsmayılovanın da eyni əməlləri üzə çıxıb.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov