"Quzuların pulunu qaytaracağını vəd etdi"
Şirvan Apelyasiya Məhkəməsində dələduzluq və narkotik vasitəni satış məqsədi olmadan əldə etməkdə təqsirli bilinən Salyan şəhər sakini Möhsüm Məlikovun cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, Möhsüm Məlikov Tahir Əliyevə özünü iş adamı kimi təqdim edib. O, "Socar Petroleum" şirkətindən icarə müqaviləsinə əsasən götürərək Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisindən keçən Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən "Niyal petrol" yanacaqdoldurma məntəqəsinin işə salınmasına sərf edəcəyi və aldığı məbləği yanacaqdoldurma məntəqəsinin işə düşməsindən sonra artıqlaması ilə qaytaracağı barədə Tahirə Əliyevə yalan vəd verib. O, Tahir Əliyevdən bu işi görməsi adı ilə 2 min manat alıb.
Bundan sonra Mövsüm Məlikov Sahil Kərimliyə özünü iş adamı kimi təqdim edərək iş qurmaq adı ilə yalan vədlər verib. O, Sahil Kərimlidən 4 min manat alaraq mənimsəyib. Cinayətkar əməlini davam etdirən Mövsüm Məlikov növbəti dəfə Zahid Qasımovu aldadıb. O, 2011-ci ilin may ayında Zahid Qasımovun Hacıqabul rayonunun Nəvahı kəndində yerləşən evinə gəlib və qızının Bakı şəhərində keçiriləcək toy şənliyində istifadə olunması üçün aldığı heyvanların pulunu toyun səhəri günü ödəyəcəyinə dair vəd verib. Mövsüm Məlikov bu adla zərərçəkmişdən cəmi 1000 manat dəyərində 10 baş xırdabuynuzlu heyvanları nisyə alaraq aparıb. O, həmin heyvanları Əlimusa Ağamalıyevə 780 manata satıb. Mövsüm Məlikov əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.
Həbsxanaya narkotik aparmaq istədi
Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 1.248 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib. 17 mart 2013-cü il tarixdə, saat 11 radələrində Hacıqabul rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına gətirilərkən üstünə baxış keçirilib. Baxış zamanı onun üzərində gizlətdiyi narkotik vasitə aşkar edilərək götürülüb.
Mövsüm Məlikov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. Hacıqabul rayon Məhkəməsinin hökmü ilə Mövsüm Məlikov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin edilmiş hökmün ləğv edilməsini və ədalətli hökmün çıxarılmasını istəyib. Onun şikayəti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
"Aldığım pulları şəxsi ehtiyacıma xərcləmişəm"
Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Mövsüm Məlikov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Mövsüm Məlikov deyib ki, həmyerlisi Tahir Əliyevi 20 il əvvəldən, Sahil Kərimlini isə Tahirin vasitəçiliyi ilə 2010-cu ilin sentyabr ayından tanıyır: "2010-cu ilin sentyabr ayında Bakı şəhərində olarkən Tahirlə rastlaşdım. Söhbət zamanı Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yolun kənarında yerləşən "Niyal petrol" yanacaq doldurma məntəqəsini işlətmək istədiyimi, lakin bunun üçün bir az pul lazım olduğunu və pul tapmaqda köməklik etməsini, əgər pul taparsa, bu işdə onun da xeyri olacağını Tahirə dedim. Tahir bu işdə kömək edəcəyini bildirdi və məni qohumu Sahil Kərimli ilə tanış etdi. Sahillə söhbət zamanı Tahirə dediyi kimi ona da yanacaqdoldurma məntəqəsini işlətməkdə yaxşı qazanc olduğunu dedim. Bundan sonra yanacaq doldurma məntəqəsinin lisenziyası, sənədləşmə və yanacaq almaq üçün Sahil mənə cəmi 11.500 manat pul verdi. Həmin pulu hissə-hissə, yəni iki dəfə Bakı şəhərində, bir dəfə isə Hacıqabul rayonunda almışam. Hər dəfə Sahil mənə pul verəndə Tahir də yanımızda olub. Yanacaq doldurma məntəqəsinin işlədilməsi ilə əlaqədar Tahirdən bir manat da pul almamışam. Onun bu barədə göstərdikləri yalan və böhtandır. Sahildən isə aldığım pulların 5.500 manatını məntəqənin lisenziyasına xərcləmişəm. Qalan 6.000 pulu isə yanacaq almaq adı ilə Sahili aldadaraq özümün şəxsi ehtiyaclarıma xərcləmişəm. Hər dəfə də pullarını yaxın vaxtlarda qaytaracağı ilə onu aldadaraq qaytarmamışam. Hazırda Sahil Kərimliyə məxsus 6.000 manat pulu qaytarmamışam və qaytarmağa imkanım yoxdur".
"10 baş quzunu 780 manata satdım"
Möhsüm Məlikov daha sonra ifadəsində göstərib ki, 2011-ci ilin may ayında "Niyal petrol" yanacaqdoldurma məntəqəsində işləyərkən Hacıqabul rayonunun Nəvahı kənd sakini Zahid Qasımovun həyətində xırdabuynuzlu heyvanları satmasını eşidib. Onun sözlərinə görə, tanımadığı taksi maşını ilə heyvan almaq üçün Zahid Qasımovun Nəvahı kəndində yerləşən evinin həyətinə gəlib: "Zahid Qasımovla danışaraq 10 baş quzunu hər biri 100 manatdan olmaqla cəmi 1.000 manata razılaşaraq aldım. Məqsədim həmin heyvanları saxlayaraq baha qiymətə satmaq olub. Heyvanların pulunu 10 gün müddətinə verəcəyimə söz vermişdim. Heyvanları aldıqdan 2 gün sonra Nəvahı kəndi ərazisində yolun kənarında yeməkxanası olan Əlimusa adlı şəxsə satmaq üçün 10 baş quzu olduğunu bildirdim. Quzunun birini 90 manatdan təklif etsəm də, Əlimusa razılaşmadı. 10 baş quzunu ona 780 manata satdım. Əlimusaya borcum olub. Buna görə də pulun bir hissəsini borcuma çıxdı, qalan 560 manatı isə mənə verdi. Aldığım pulu ehtiyaclarıma xərcləyərək Zahidin pulunu verməmişəm. Zahid Qasımovun sonralar quzuların pulunu tələb etməsinə baxmayaraq ona pul verməmişəm. Lakin dəfələrlə iş yerimə gələrək məndən pulunu tələb etdiyindən məcbur olaraq heyvanların pulunu borclu olmağım barədə kağız yazdım. Bir müddət keçəndən sonra Zahid pulunu istədi. Ona yanacaqdoldurma məntəqəsinin işıq aparatını girov saxlamaq üçün verdim. Lakin Zahid sonradan həmin aparatın "Socar" şirkətinə məxsus olmasını bildiyinə görə geri qaytardı. Tutulandan sonra Zahid Qasımovun heyvanlarının pulunu ödəmişəm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin martın 17-də Hacıqabul rayon Polis Şöbəsindən Müvəqqəti Saxlama Yerindən 3 saylı istintaq təcridxanasına etap olunub: "Polis şöbəsinin müvəqqəti saxlanma məntəqəsinin qarşısından yerdə sellofana bükülü gördüm. Həmin bükülünü götürərək əynimdə olan gödəkçəmin cibində gizlətdim. Həmin gün saat 11 radələrində 3 saylı İstintaq Təcridxanasında dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçirildi. Baxış zamanı əynimdə olan gödəkçənin cibindən sellofan paketə bükülmüş narkotik vasitə olan tiryək aşkar olundu. İstintaq Təcridxanasının əməkdaşları narkotik vasitəni haradan əldə etdiyimi soruşdular. Onlara polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasının qarşısından tapdığımı dedim".
"Dedi ki, sezon deyil, məhərrəmlikdir, toy olmadığına görə gedib-gələn azdır, işləyib pulu qaytaracaq"
Zərərçəkmiş Tahir Əliyev deyib ki, yanacaqdoldurma məntəqəsinin işə salınması üçün Mövsüm Məlikova pul verib. O, əlavə edib ki, ona verdiyi pul geri qaytarılmayıb: "Pulu verəndən iki aydan sonra Möhsümdən xəbər çıxmadı. Sahillə birlikdə ora gəldik. Möhsümlə görüşərək pulları nə üçün qaytarmadığını soruşduq. Mövsüm dedi ki, sezon deyil, məhərrəmlikdir, toy olmadığına görə gedib-gələn azdır, işləyib pulu qaytaracaq. Aradan xeyli vaxt keçmiş narahatçılığımız artdığından yenidən Sahillə birlikdə Mövsümün işlədiyi həmin yanacaqdoldurma məntəqəsinə gəldik. Artıq yanacaqdoldurma məntəqəsinin işləmədiyini, çənlərin boş olduğunu gördük. Mövsümlə görüşərək pullarımızı tələb etdik. Mövsüm yanacağı nisyə verdiyini, buna görə pulu yığa bilmədiyini dedi. Sonradan isə Möhsümün bizim etibarımızdan sui-istifadə edərək aldatma yolu aldığı pulun kiçik bir hissəsinə yanacaq alaraq gözdən pərdə asmaq üçün çənlərə tökməsi, pulun qalan hissəsini isə özünə xərcləməsi məlum oldu. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulumuzu qaytarmayıb. Buna görə də polisə şikayət etdik".
Bəraət və cəza
Sahil Kərimli isə ifadəsində deyib ki, Tahir Əliyevlə kirvədir. O, Tahir Əliyevin vasitəsi ilə Mövsüm Məlikovu tanıdığını və ona iş qurmaq adı ilə pul verməsindən danışıb. Digər zərərçəkmiş Zahid Qasımov bildirib ki, Mövsüm Məlikov qızına toy etmək adı ilə aldadaraq ondan 10 baş quzu alıb. Onun sözlərinə görə, Mövsüm Məlikov qızının toyundan sonra quzuların pulunu qaytaracağını vəd edib. Pulu qaytarmadığı üçün Mövsüm Məlikovdan Hacıqabul rayon Polis Şöbəsinə şikayət etdiyini deyən Zahid Qasımov bildirib ki, Mövsüm Məlikov həbs olunandan sonra ona olan borcu qaytarılıb. O, Mövsüm Məlikovdan şikayətçi olmadığını söyləyib.
Hakimlər tərəfləri dinləyəndən sonra qərar elan ediblər. Qərara görə, Mövsüm Məlikovun apelyasiya şikayəti qismən təmin edilib və Hacıqabul rayon Məhəkməəsinin hökmü ləğv edilib, onun barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Mövsüm Məlikova ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilib. O, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zərərçəkmişlər Tahir Əliyevə və Sahil Kərimliyə dəymiş ziyanın Mövsüm Məlikov tərəfindən ödənilməsi barədə qərar çıxarılıb.
Hacı