Hacıqabul rayonunda dələduzluqda təqsirli bilinən 1964-cü il təvəllüdlü Ədalət Zalışov və tanışı Ramid Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Ədalət Zalışov tanışı Ramid Şirinovla digər tanışı Aslan Şıxəliyev və Əziz Məmmədovla görüşüb.
Görüş zamanı Ədalət Zalışov Ramid Şirinovu Dövlət Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat İdarəsinin rəisi kimi təqdim edib. O, Ramid Şirinovun geniş imkanlara malik olduğunu bildirib, işgüzar adam olmasına Aslan Şıxəliyev və Əziz Məmmədovu inandırıb.
Bundan sonra o, Əziz Məmmədovun qohumu Qəni Qasımovun bacısı oğlunu Ukrayna Respublikasında SOCAR şirkətində işə düzəldəcəyinə, Aslan Şıxəliyevin isə oğlunu xüsusi təyinatlı hərbi hissədə xidmət etməsini təmin etdirəcəyinə vəd verib.
O, 2017-ci ilin oktyabrın ikinci yarısında Hacıqabul şəhəri ərazisində yerləşən “Qədir Xum” restoranının qarşısında qrupun üzvü Ramid Şirinovun vasitəsilə Aslan Şıxəliyevdən 2000 manat, Əziz Məmmədovun vasitəsi ilə isə Qəni Qasımovdan 15.000 manat alıb.
Ramid Şirinovun vasitəsi ilə alınan ümumilikdə 17000 manatı Ədalət Zalışov ələ keçirib.
İstintaq orqanı tərəfindən Ədalət Zalışov və Ramid Şirinovun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
Hacıqabul rayon Məhkəməsinin hökmü ilə Ədalət Zalışov 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Hökmdə qeyd olunub ki, ona yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməməlidir.
Ədalət Zalışov elektron nəzarət vasitəsini üzərində gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlamaları öhdəliyi qoyulub. Həmçinin ona qeydiyyatda olduğu Saatlı rayonunu ərazisində kənara çıxması qadağan olunub.
Hökmə əsasən, digər təqsirləndirilən Ramid Şirinovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, onun cəzası şərti hesab olunub.
Hökmdən narazı qalan Ədalət Zalışov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ona 500 manat cərimə cəzası kəsilməsini istəyib.
Ədalət Zalışov qeyd edib ki, zərərçəkmişlərə dəymiş ziyanı ödəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Ədalət Zalışovun apelyasiya şikayəti qismən təmin edilib, onun barəsində olan 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 ilə endirilib.