4 Dekabr 2019 13:36
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü Tufan Qurbanovun barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Tufan Qurbanovun şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tufan Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Tufan Qurbanov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

İttihama görə, bu ilin fevralın 11-də paytaxt sakini Tufan Qurbanov 1979-cu il təvəllüdlü həyat yoldaşı Lalə Qurbanovanı boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Tufan Qurbanov saxlanılıb.

O, istintaq verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib.

Tufan Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslər münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə xanımına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Qeyd edək ki, ailənin 3 övladı qalıb.

İstintaq orqanı tərəfindən Tufan Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov