21 Yanvar 13:40
671

Yevlax rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Yevlax rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ocayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 425 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Məmmədov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisindəki evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Oxşar əməliyyat Salyanda da keçirilib. Polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xurşud kənd sakini V.Mirzəyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 425 qram marixuana götürülüb.

Daha bir əməliyyatı Kürdəmir rayon polis şöbəsinin əməkdaşları keçirib. Daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muradxan kənd sakini Q.Talıbovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Daha bir əməliyyatı Cəlilabad rayon polis şöbəsinin əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini R.Əmənovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bərdə rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdborakı kənd sakini, əvvəllər məhkum olunmuş S.Mehdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 19 qramdan artıq marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 1 kiloqram 770 qram marixuana aşkar edilib.


Müəllif: Hacı Zeynalov