Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 14 yaşlı Hüseyn Aslanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, Nəsimi rayonu Azadlıq prospektində 1992-ci il təvəllüdlü Rəşad Məmmədov Hüseyn Aslanov tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Rəşad Məmmədovun həyatını xilas etmək mümkün olub.
Məlum olub ki, R.Məmmədova 7 bıçaq zərbəsi vurulub. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Hüseyn Aslanov saxlayıb.
O, izahatında bildirib ki, Rəşad Məmmədov anasına mesajlar yazıb. Bu səbəbdən onu bıçaqla vurub.
İstintaq orqanı tərəfindən Hüseyn Aslanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.