Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Pərvin Çərkəzovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı yanvarın 29-na təyin olunub.
İttihama görə, hadisə ötən il iyunun 24-də Binəqədi rayonu, Ağamalıyev küçəsi, 6 saylı binanın qarşısında baş verib.
Kamran Abdullayevin bud nahiyəsinə bir bıçaq xəsarəti yetirilib. O, Kliniki Tibbi Mərkəzə çatdırılan zaman çoxlu qan itirdiyindən dünyasını dəyişib.
Araşdırmalar zamanı qətli daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə məhkum olunan 22 yaşlı Pərvin Çərkəzovun törətdiyi məlum olub.
Qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar.
İki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib. Qızla gəzən Kamran Abdullayev telefonda kiminləsə kobud danışan Pərvin Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib.
O, Pərvin Çərkəzovu ədəbli olmağa çağırıb. Pərvin Çərkəzov isə iraddan sonra cibindən bıçağı çıxararaq Kamran Abdullayevə zərbə endirib.
Pərvin Çərkəzov hadisə yerindən qaçsa da, tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Pərvin Çərkəzovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.