Bakının Sabunçu rayonunda oğurluq cinayətinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Azərişıq” ASC-nin rayon ərazisindəki elektrik şəbəkəsinə məxsus paylayıcının yerləşdiyi otaqdan 1 ədəd elektrik açarı, 3 ədəd transformator, 2 ədəd ayrıc, 12 ədəd mis dolaq və 10 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Quliyev saxlanılıb.
Bundan başqa, 15-ci polis bölməsinə müraciət edən Sabunçu rayonu Zabrat qəsəbə sakini F.Musayev yanvarın 21-də qəsəbə ərazisində bir nəfərin onun içərisində 183 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısını açıq talama yolu ilə aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Səfərov polis əməkdaşları tərəfindən tutulub.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-dan 24-dək olan müddətdə rayon ərazisində bir gözəllik salonundan 700 manat, bir xəstəxananın müalicə otağından isə 572 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb.
Daha bir cinayətin üstü Nəsimi rayonunda açılıb.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu yanvarın 25-də “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi və Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 250 manat, 250 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşlar - T.Cəfərov və Sabirabad rayon sakini P.Quliyev saxlanılıblar.
T.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Qax rayon sakini S.Mürsəlov və digər bir nəfərlə birgə Binəqədi rayonu ərazisindəki bir evdən televizor oğurlaması müəyyən edilib.
Davam etdirilən tədbirlərlə S.Mürsəlov da saxlanılıb.