Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən xəbərə görə, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini Nahid Səliflinin üzərinə keçirilən baxış zamanı ondan 100 qram çəkidə narkotik vasitə heroin, 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri ilə rayon ərazisində saxlanılan Bakı şəhəri Binəqədi rayon sakini İntiqam Abbasovdan 7,5 qram narkotik vasitə tiryək, 6,5 qram qurudulmuş marixuana aşkarlanıb.
Araşdırmalarla İ.Abbasovun narkotik vasitələri Biləsuvar şəhər sakini Bəhruz Şahbazovdan əldə etdiyi müəyyən edilib. B.Şahbazov idarə etdiyi “BMW” markalı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Keçirilən baxış zamanı onun üzərindən, avtomobilindən və yaşadığı evdən ümumilikdə 15 qramdan artıq tiryək, 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.