12 Fevral 2020 14:56
2 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda toy mərasimində baş vermiş dava zamanı iki nəfəri bıçaqlamaqda ittiham olunan 1977-ci il təvəllüdlü Razim Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Razim Rzayev Şəmkir rayonunda yerləşən “Murovdağ” şadlıq sarayında Azər Qasımovun qızına keçirdiyi toy məclisində iştirak edib.

Sərxoş vəziyyətdə kobud hərəkətlərə yol verdiyinə görə Azər Qasımov onun toydan getməsini tələb edib. Razim yaşadığı evə gedərək cib bıçağını götürüb, toy şənliyinə qayıdıb.

Həmin vaxt toy şənliyinin iştirakçıları və ailə üzvləri ilə rəqs edən Azər Qasımova yaxınlaşıb, ona bir neçə bıçaq xəsarəti yetirib.

O bu cinayəti Azər Qasımovun yaxınları - arvadı Gilas Qasımov, oğlu Sənan Qasımzadə, bacıları İradə Rzayeva və Hədiyyə Məmmədhəsənovanın gözü qarşısında törədib.

Hadisənin qarşısını almaqla ictimai borcunu yerinə yetirən Etibar Məmmədhəsənova da oğlunun gözü qarşısında iki bıçaq vurub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vaxtında göstərilən tibbi yardım nəticəsində həyatlarını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Razim Rzayevin barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır xəsarət yetirmə), 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır xəsarət yetirmə), 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Razim Rzayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzanı ümumi rejimli müəssisədə çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Razim Rzayev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Razim Rzayevin şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Razim Rzayev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Kasasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər