Abşeron rayonunda arvadına işgəncə verməkdə ittiham olunan Gədəbəy sakini, 1981-ci il təvəllüdlü Elfaq Quliyev barəsində olan məhkəmə hökmündən verilmiş kasasiya şikayətinə Ali Məhkəmədə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, Elfaq Quliyev 2012-ci ildə arvadı Nazilə Kərimova ilə rəsmi qaydada boşanıb.
2018-ci ilin sentyabrında keçmiş arvadı ilə barışıb, onunla Xırdalan şəhərində mənzillərdən birində yaşamağa başlayıb.
Birgə yaşadıqları müddətdə Elfaq Quliyev mütəmadi olaraq qısqanclıq zəminində onunla mübahisə edib. Arvadını daim döyüb, ona zorakı hərəkətlər edib. Ərinin əzab verməsinə dözməyən Nazilə Kətrimova hüquq-mühafizə orqanlarına müraciət edib. Polis Elfaq Quliyevi həbs edib.
İstintaq orqanı tərəfindən Elfaq Quliyevin barəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazilə Kərimova bildirib ki, Elfaq Quliyev ona daim işgəncə verib, onu öldürməklə hədələyib: “Oktyabrın 3-də Elfaq məni vəhşi kimi döydü, ertəsi gün yuxudan oyananda yenə də məni döydü. Sonra qayçı ilə saçlarımı kəsdi”.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Elfaq Quliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Elfaq Quliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Bildirib ki, onun törətmiş olduğu əməl tam araşdırılmayıb. İstintaq orqanı zərərçəkmişə və onun anasının ifadəsinə istinad edərək ittiham verib.
Sumqayıt Apelyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Abşeron rayon Məhkəməsinin hökmü dəyişdirilib.
Elfaq Quliyevin cəzası 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunub. Məhkəmə zalından azadlığa buraxılan Elfaq Quliyevin Xırdalan və Bakı şəhərlərindən kənara çıxmamaq barədə qərar qəbul edilib.
Bu qərardan narazı qalan Elfaq Quliyev kasasiya şikayəti verib və o, şikayətində Abşeron rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, ona bəraət verilməsini istəyib.
Bundan başqa, cinayət işi üzrə zərərçəkmiş Nazilə Kərimova da kasasiya şikayəti verib. O, ərinin həbs edilməsini istəyib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Məhkəmə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayətini təmin etməyib.