15 Fevral 2020 15:44
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çay evində qətl hadisəsi törətməkdə təqsirli bilinən Cövdət Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə iclası başlanacaq.

İttihama görə, ötən il oktyabrın 17-də, saat 20 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay" klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb.

Mübahisə zəminində Cövdət Abbasov Sabir Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.

Sabir Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Cövdət Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Məlum olub ki, Cövdət Abbasov özündən yaşca böyük olan Sabir Ələkbərovla dostluq münasibəti olub. Onlar hadisə baş verən günü çay evinə gəliblər və birlikdə orada spirtli içki qəbul ediblər.

Daha sonra Sabir Ələkbərov özündən 31 yaş kiçik olan dostuna öz aləmində ağıl vermək istəyib.

Sabir Ələkbərovun məsləhətləri isə Cövdət Abbasovun xoşuna gəlməyib.

Bu zaman o, oturduqları masaya yaxın olan digər masada olan çaydanı götürüb və gözlənilmədən dostunun başına zərbə endirib.

Ağır zərbə alan Sabir Ələkbərov ayağa qalxıb və bir-iki addım yeridikdən sonra huşunu itirib. Hadisə yerinə gələn həkim briqadası onun öldüyünü qeyd edib.

İstintaq orqanı tərəfindən Cövdət Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər