Astara rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan 1984-cü il təvəllüdlü Ruslan Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Ruslan Xankişiyev 18 iyun 2019-cu il saat 14 radələrində Astara rayonu Siyaku kəndində yaşadıqları valideynlərinə məxsus evdə arvadı Aynur Hüseynova ilə mübahisə edib.
Mübahisə zamanı Ruslan Xankişiyev Aynur Hüseynovanın burun və digər bədən nahiyələrinə yumruqla vurub, ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Ruslan Xankişiyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan Xankişiyev bildirib ki, ailəsi ilə birlikdə yaşayır, himayəsində 3 azyaşlı uşağı var: “Arvadım Aynur Hüseynova ilə əvvəllər münasibətlərim yaxşı olsa da, hazırda münasibətləri pozulub. Ona görə də mütəmadi olaraq aramızda ailə münaqişəsi zəminində mübahisələr baş verir”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 18-də saat 14 radələrində dostu Şaiqlə birlikdə nahar etmək üçün evlərinə gəlib: “Həmin vaxt Aynurla yenə də mübahisə etdik. Aynur mənə evdə çörək olmadığını bildirdi. Ona bunu əvvəldən deməli oluğunu, gələrkən mağazadan çörək ala biləcəyimi söylədim. Bu zaman Aynur valideynlərim barədə nalayiq ifadələr işlətdi. Hirslənib Aynuru vurdum. Həmin vaxt dostum Şaiq bizi araladı. Hazırda əməlimdən səmimi peşmanlıq hissi keçirirəm”.
Astara rayon Məhkəməsinin hökmü ilə Ruslan Xankişiyevin aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, ona 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Aynur Hüseynova apelyasiya şikayəti verib. O, ərinin cəzasının ağırlaşdırılmasını istəyib.
Aynur Hüseynovanın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Aynur Hüseynovanın ərinin cəzasının ağırlaşdırılması barədə verdiyi şikayət təmin olunmayıb.