25 Fevral 2020 10:38
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xudat şəhəri ərazisində yerləşən iki fərdi yaşayış evindən ümumi dəyəri iki min manatdan çox olan iki ədəd televizor, bir ədəd xalça, bir ədəd samovar və bir ədəd müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mursaibov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs evlərə gecə saatlarında qanunsuz daxil olaraq oradan zərərçəkmişə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi qənimətləri dəyərindən xeyli ucuz qiymətə - 250 manata satan V.Mursaibov əldə etdiyi pulları xərclədiyini bildirib.

Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların satıldığı yer müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Bundan başqa, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq edən rayon sakinləri saxlanılıb. Saxlanılarkən onlardan birinin üzərindən narkotik vasitə də aşkarlanıb.

Biləsuvar rayon sakini İ.Hüseynov ona məxsus “VAZ 2106” markalı avtomobildən gecə saatlarında 420 manat dəyərində maqnitafonun, akkumlyator və təmir-tikinti alətlərinin oğurlandığını bildirib. Bİləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxslər müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onların rayon sakinləri Kamran Şirəli və əvvəllər məhkum olunmuş Elnur Hüseynov olduqları müəyyən edilib. Saxlanılarkən E.Hüseynovun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Polis əməkdaşlarının K.Şirəli və E.Hüseynovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onların rayon ərazisində daha 4 avtomobildən maqnitafon və akkumlyator oğurladıqları müəyyənləşib. Oğurlanan əşyaların bir qismi onlardan maddi sübut kimi götürülüb.


Müəllif: Hacı Zeynalov