26 Sentyabr 2014 11:16
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən 1989-cu il təvəllüdlü Sahil Məlikov və 1990-cı il təvəllüdlü Hacı Daşdəmirovun cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Sahil Məlikov Sumqayıt şəhər Məhkəməsinin 6 dekabr 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək 3.500 manat miqdarında cərimə cəzasına məhkum edilib. O, Sumqayıt şəhərində 2011-ci ildə təkrar mühakimə olunub və bir il altı ay müddətinə islah işləri cəzası alıb. O, cəzasını çəkməmiş yenidən cinayət törətməyə başlayıb.

Belə ki, Sahil Məlikov tanışı Hacı Daşdəmirov ilə qabaqcadan cinayət əlaqəsinə girib. Onlar 16 iyul 2012-ci il tarixdə, saat 03.00-da Anar Əhmədovun icarə yolu ilə işlətdiyi Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Ramiz” şadlıq sarayından oğurluq ediblər. Gecə yarısı şadlıq evinə girən tanışlar 2600 manatı və bir ədəd 78 manat məbləğində “Nokia-N” markalı mobil telefonu və 800 manat dəyərində dəmir seyfi oğurlayıblar. Onlar Anar Əhmədova ümumilikdə 3478 manat ziyan vurublar.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Sahil Məlikov 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Hacı Daşdəmirov isə 3 min manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən birinci instansiya məhkəməsində ittihamı müdafiə etmiş dövlət ittihamçısı Heydər Şahmuradov apelyasiya protesti verib. Prokuror Sumqayıt şəhər Məhkəməsinin hökmünün Hacı Daşdəmirova aid olan hissədə dəyişdirilməsini və onun təqsirli bilindiyi maddələrin sanksiya həddində daha ağır cəza təyin edilməsini istəyib.

Prokuror şikayətini belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi əsassız olaraq Hacı Daşdəmirovun cinayət nəticəsində vurulmuş maddi ziyanı ödəməsini və yaşayış yerində müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan Hacı Daşdəmirova cərimə növündə yüngül cəza təyin edib.

Hökmdən narazı qalan Sahil Məlikov da apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Hər iki şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Sahil Məlikovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 3 il 8 ay müddətinə endirilib. Bundan başqa, prokurorun protesti təmin olunub və Hacı Daşdəmirovun barəsində 2 il 5 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhkəmə Hacı Daşdəmirovun barəsində təyin edilmiş pul cəzasını ləğv edib və o, məhkəmə zalından həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər