Bakıda və Abşeron rayonunda silsilə cinayətlər törətməkdə təqsirli bilinənValeh Əsədullayev, Sadiq Məmmədov, Balakişi İsmayılov, İmran Mədətov və Niyaməddin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əlövsəd Abbasovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşları ötən ilin yanvar-mart ayları ərzində bağ evlərindən silsilə oğurluqlar edən mütəşəkkil cinayətkar dəstə üzvləri - paytaxt sakinləri Valeh Əsədullayev, Sadiq Məmmədov, Balakişi İsmayılov, İmran Mədətov və Niyaməddin Hüseynovu saxlayıb.
Araşdırma zamanı müəyyən edilib ki, dəstənin başçısı ''Qaqaş'' ləqəbli Valeh Əsədullayev olub.
O, adları çəkilən şəxsləri ətrafına toplayaraq müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarında yerləşən bağ evlərindən oğurluq hadisələri törədib.
Saxlanılan şəxslərin Binəqədi və ərtaf rayonlarda 25 bağ evindən oğurluq etdikləri istintaq yolu ilə sübuta yetirilib.
Qeyd edək ki, dəstə üzvləri mənzillərdən əsasən kombi aparatları, televizorlar, xalçalar, müxtəlif məişət əşyaları, hətta bir neçə evin pəncərisini belə sökərək oğurlayıblar. Həmin əşyalar Valeh Əsədullayevin Binəqədi qəsəbəsində yerləşən obyektinə gətirilərək orada gizlədilib.
Obyektə baxış zamanı oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib.
İstintaq zamanı həmçinin dəstə üzvlərinin başqa bir şəxsə məxsus yük avtomobilini qaçırdıqları və bağ evlərindən oğurladıqları əşyaları həmin nəqliyyat vasitəsilə daşıdıqları da müəyyən edilib.