31 Mart 16:22
4 439

Bakının Nizami rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, martın 29-da Bakı şəhər sakini R.Qurbanovun “VAZ-21014” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə 24-cü polis şŞöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, 24-cü polis şöbəsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.İsmayılov və Cəlilabad rayon sakini T.Fərəcov Nərimanov rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.

Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş F.Kərimovun ətrafında Bakı ŞBPİ–nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Aparılmış əməliyyat tədbirləri ilə onun xətt avtobusunda sərnişinlərdən birinin cibindən mobil telefonunu oğurlaması müəyyən edilib.

Oxşar əməliyyat Qaradağ rayonunda da keçirilib.

10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 6 ədəd mobil telefon, 2 avtomobildən 2 ədəd videoqeydiyyat qurğusu oğurlamaqda, habelə 1 avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Məmmədov və V.Cavadov saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 4 avtomobildən pul, mobil telefon və yan güzgülərini oğurlamaları da müəyyən edilib.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 mağazadan pul, 40 manat dəyərində danışıq kartları və 5000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.

Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun ətrafında Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsində araşdırma aparılıb.

Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 həyətyanı sahədən elektrik naqilləri oğurlaması da müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1000 manat dəyərində 27 ədəd qol saatı, suvenirlər, gül dəstləri, 2400 manat dəyərində gül və digər əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Abdullayev saxlanılıb.

Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən qızıl-zinət əşyaları və gödəkcə, digər avtomobildən isə içərisində sürücülük vəsiqəsi olan pulqabı, habelə mobil telefon və 2 ədəd “Wi-Fi” aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov tutulub.


Müəllif: Hacı Zeynalov