3 Aprel 2020 11:55
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Eldəniz Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Eldəniz Ramazanov 11 fevral 2019-cu il tarixdə, gecə saat 24 radələrində sərxoş vəziyyətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ayсberq” adı ilə fəaliyyət göstərən kafe-çayxananın qarşısında ünvansız olaraq nalayiq söyüşlər söydüyünə görə tanışı Elşad Mamaseyev ona irad tutub.

Buna görə də Eldəniz Ramazanov cib bıçağı ilə tanışına xəsarət yetirib. Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Eldəniz Ramazanovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldəniz Ramazanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, zərərçəkmiş Elşad Mamaseyevi uşaq vaxtlarından tanıyır, onunla münasibətləri yaxşı olub: “Fevralın 11-də övladımın ad günü olduğundan axşam evdə çörək yedim, tək bir ədəd 0,250 qramlıq araq içdim. Yeyib-içəndən sonra saat 23 radələrində evdən çıxdım və çay içmək məqsədi ilə İlqar adlı şəxsin işlətdiyi çayxanaya gəldim. Dayım Vaqifin oğlu Nərimanı çayxanada çay içdiyini gördüm. Onunla bir stol arxasında əyləşdim və təxminən 10 dəqiqə bir yerdə oturduq. Çay içdikdən sonra Nəriman getdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, çayxanada olan vaxtdan İlkin söyüş söyməyə başlayıb: “İlkindən kimi söydüyünü soruşdum. Sonuncu məni söydüyünü bildirdi. Buna görə İlkinlə aramızda mübahisə oldu. Biz əlbəyaxa dalaşdıq. Bu zaman çayxanada olan şəxslər İlqarla birlikdə bizi sakitləşdirdi, İlqar məni çölə çıxartdı, İlkin isə çayxanada qaldı. Bir qədər sonra İlkin yenə də söyüş söyərək çayxanadan çölə çıxdı və yenə mənə hücum etdi. İlkinlə əlbəyaxa olan vaxt Elşad Mamaseyev bizi ayırmağa gəldi. Həmin vaxt əlimdə brlok var idi. Brloka kiçik ölçülü bıçaq bərkidilmişdi. Elşad bizi aralayan vaxt hansı formada vurduğunu xatırlamıran. Elşadı vurmaq fikrim olmyıb, özümü müdafiə etmək üçün brloku çıxartmışam. Onun ucu Elşada dəyib”.

Eldəniz Ramazanovun sözlərinə görə, daha sonra o, hadisə yerindən kənarlaşıb və evə tərəf getməyə başlayıb: “Evinə çatmamış yolda ağ rəngli bir avtomobil gəldi, mənim arxa tərəfimdə dayandı. Sonradan şəxsiyyətləri mənə məlum olan Cabarov İlkin İslam oğlu və onun qohumu Məmmədov Natiq Cavad oğlu həmin avtomobildən düşdülər. Onlar məni döyməyə başladılar, sonra isə oradan getdilər. İlkin və Natiq gedəndən sonra evə getdim. Hadisə ilə bağlı evdə ailə üzvlərimə heç nə demədim”.

Təqsirləndirilən şəxs qeyhd edib ki, fevralın 12-də, səhər saatlarında Xaçmaz rayon polis şöbəsinin əməkdaşları evlərinə gəlib və onu polis şöbəsinə aparıblar: “Orada hadisə ilə bağlı hər şeyi olduğu kimi etiraf etdim. Bundan əlavə İlkin və Natiq sonradan mənimlə barışdıqlarından onların barələrində şikayət etmədim. Əksinə onlardan heç bir şikayətim olmaması barədə ərizə verdim. Elşad Mamasiyevi öldürmək niyyətim olmayıb”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Ramazanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elşad Ramazanov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, cəzasının daha yüngül cəza ilə əvəz olunmasını istəyib.

Elşad Ramzanovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Eldəniz Ramazanovun apelyasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər