Bakıda narkotik alveri ilə məşğul olan şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 21 qrama yaxın, yaşadığı evdən isə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - Bakı şəhər sakinləri E.Rəsulov, R.Orucəliyev və C.Həsənov saxlanılıblar.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların kirayədə yaşadıqları evdən 15 qrama yaxın heroin, 960 qrama yaxın tiryək, 33 qramdan artıq marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Daha bir əməliyyat Suraxanı rayonunda keçirilib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abbasov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 290 qrama yaxın heroin və 111 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.