Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun cinayət işi yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunun müəyyən edilməsi üçün cinayətin işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət verib.
Məhkəmə vəsatəti təmin edib və iş yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.
Cinayət işi ağırlaşdırıcı halların müəyyən olunması üçün prokurorluğa göndərilib.
Qeyd edək ki, hadisə 2018-ci ilin dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib.
Paytaxt sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirərək hadisə yerini tərk edib.
Nəticədə xəstəxanaya yerləşdirilmiş Tural Babayev ölüb, Asif Bağırov isə ağır yaralanıb.
Hadisəni törətmiş Zaur İsmayılov könüllü olaraq Nizami rayon Polis İdarəsinə gəlib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olduğunu bildirib.
Zaur İsmayılov tutulub, silahı evdən götürülüb.
Bu cinayət hadisəsi kriminal qruplaşmalar arasında baş verən çəkişmənin nəticəsidir.
Zaur İsmayılov Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qruplaşmasının üzvü olduğu iddia edilir.
Qətlə yetirilən Tural Babyev isə kriminal avtoritet Lotu Qulinin rəhbərlik etdiyi qruplaşmanın üzvüdür.
Tural Babayevin Zaur İsmayılovu üzvü olduğu qruplaşmaya cəlb etmək istədiyi, ikincinin isə bundan imtina etdiyi, nəticədə onların arasında narazılıq yarandığı bildirilir.
Bu narazılıqdan sonra Zaur İsmayılovun Tural Babayevi aradan götürmək üçün sözügedən cinayətə əl atdığı ehtimal olunur.
İstintaq orqanı tərəfindən Zaur İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham elan edilib.