30 Sentyabr 2014 17:54
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arvadına əl qaldıran dostunu öldürmək istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd edən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Cavid Baxışovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Cavid Baxışov 30 aprel 2013-cü ildə, saat 21 radələrində müvəqqəti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları massivində fərdi bağ evində cinayət törədib.

Tanışı Vüqar Əhmədov və dostu Azər Tağıyev Cavid Baxışovun yaşadığı bağ evinə gəliblər. Həmin şəxslər ondan həyat yoldaşı və iki körpə uşağı ilə təcili olaraq bağ evini boşaltmasını tələb ediblər. Bu zaman Cavid Vüqar Əhmədovdan bağ evindən çıxmaları üçün bir neçə gün vaxt verilməsini xahiş edib. Lakin Vüqar onunla razılaşmayıb. Bu vaxt onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Vüqar Cavid Baxışovun üstünə cumub. Əlbəyaxa olan tanışları Cavidin həyat yoldaşı Tünzalə Zərbəliyeva ayırmaq istəyib. Bu vaxt Vüqar Əhmədov Tünzaləni əli ilə vurub. Tünzalə Zərbəliyeva kömək çağırmaq üçün küçəyə qaçıb. Vüqar da Tünzalənin arxasınca gedib. O, küçədə Tünzaləni tutaraq yerə yıxıb və döyməyə başlayıb. Bunu görən Cavid Baxşov Vüqar Əhmədovdan qisas almaq qərarına gəlib. O, su quyusunun yanından bıçağı götürərək Vüqar Əhmədovu vurmaq üçün küçəyə çıxıb. Cavid küçədə bıçaqla Vüqar Əhmədova bir neçə zərbə vurub.

Vüqar Əhmədov ağır vəziyyətdə Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün Vüqar Əhmədovun həyatını xilas etmək mümkün olub. Cavid Baxışov Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə Cavid Baxışovun ittihamından Cinayət Məcəlləsinin 221.3-cü maddəsini xaric edib.

Məhkəmənin hökmü ilə Cavid Baxışov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər