Xırdalan şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Fəqani Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Fəqani Piriyev 23 may 2018-ci il tarixdə saat 21.00-da sərxoş vəziyyətdə Xırdalan şəhərindəki köhnə bazarın ərazisində olan “Nuru” marketin yaxınlığında avtomobillərin intensiv hərəkət etdiyi yolun əsas hissəsi ilə piyada gedərkən “KİA Cerato” markalı avtomobilin qarşısına çıxıb.
Həyat yoldaşı Sevinc Piriyeva ona arxadan maşın gəldiyini xəbardar edib. Fəqani avtomobil sürücüsünün ünvanına qeyri-etik ifadələr işlədib, sürücü İlkin Nağıyev də bunu eşidib.
İlkin Nağıyev Fəqani Piriyevdən söyüş söyməsinin səbəbini soruşub. Fəqani Piriyev heç bir əsas olmadan mübahisə edib, cib bıçağı ilə sürücünün qarın nahiyəsinə zərbə vurub.
İlkin Nağıyevə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Fəqani Piriyev isə polis əməkdaşları tərəfindən yaxalanıb.
İstintaq orqanı tərəfindən Fəqani Piriyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqani Piriyev bildirib ki, mayın 23-də, axşam tərəfi evdə araq içib, həyat yoldaşı Sevincin qohumlarına qonaq gedib: “Qohumlar evdə olmadığından saat 21 radələrində Sevinclə köhnə bazarın ərazisindəki maşın yolu ilə piyada “Nuru” marketin yanından keçirdik. Bu zaman Sevinc "kənarla get, arxadan maşın gəlir" dedi. Arxadan “Kia” markalı maşının gədiyini gördüm. Sevincə “nə o, kor deyil, nə də mən, o da yolu görür, mən də” - deyə bildirdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, sürücü onun sözlərini eşidib: “Dedi ki, bu nə sözdür? Ona düz dediyimi bildirdim. “Sür, get” dedim. Sürücü isə maşını 2-3 metr sürdü və kənara çəkərək saxladı. Sevinc də qolumdan tutaraq dartdı. Özümü müdafiə etmək üçün üstümdə gəzdirdiyim cib bıçağını çıxardım. Sürücü mənə yaxınlaşaraq niyə onu təhqir etdiyimi soruşdu.
Sürücünün məni vuracağından ehtiyatlanaraq əlimdəki bıçaqla qarın nahyyəsindən vurdum. Bundan sonra orada olan tanımadığım adamlar bizi araladılar”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqani Piriyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Fəqani Piriyev apelyasiya şikayəti verib. İttiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət, 126.2.4-cü maddə ilə olan cinayət işinə isə xiltam verilməsini istəyib.
Fəqani Piriyev əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilməsini, barəsində ədalətli cəza təyin olunmasını xahiş edib. Şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Fəqani Piriyevin apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Fəqani Piriyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi hökmdən xaric edilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilib.
Fəqani Piriyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.