19 May 2020 20:09
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan iclasda Azər Allahverdiyevin şikayəti üzrə qərar elan olunub.

Qərara görə, Azər Allahverdiyevin həbsdən azad olunması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Azər Allahverdiyev və Cahid Tahirovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəlləri ilə ittiham irəli sürülüb.

Azər Allahverdiyev və Cahid Tahirov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunublar.

İttihama görə, özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.

Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

Həmin cinayət əməlinin Azər Allahverdiyev və Cahid Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər