Bakının Binəqədi rayonunda diş həkimini qətlə yetirməkdə təqsirli bilinən Səbuhi Ələkbərov və Rəşad Fətullayevin barəsində həbs qətimkan tədbirinin uzdılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baş tutan prosesdə Bakı şəhər Prokurorluğunun təqdimatı təmin olunub.
Hər iki şəxsin barəsində həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
İttihama görə, paytaxtın Biləcəri qəsəbə sakini Çiçək Əsgərova oktyabrın 16-da Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək həyat yoldaşı Elvin Həbibzadənin ötən ilin oktyabrın 14-də özünə məxsus “BMW” markalı avtomobillə evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.
Məlumatla əlaqədar itkin düşmüş şəxsin yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Nəticədə Elvin Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb və nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib.
Oktyabrın 25-də Elvin Həbibzadənin üzərində zorakılıq əlamətləri olan meyit Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusunda aşkar edilib və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən oradan çıxarılıb. Polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun üzvləri məhkəmə-tibb ekspertinin də iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, Bakı şəhər sakini Səbuhi Ələkbərov yaxın qohumu Rəşad Fətullayevlə qabaqcadan cinayət əlaqəsinə girərək ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək məqsədilə Elvin Həbibzadənin idarə etdiyi “BMW” markalı avtomaşınla oktyabrın 15-də axşam görüş bəhanəsi ilə Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər.
Avtomaşında tərəflər arasında kəskin mübahisə yaranıb, Elvin Həbibzadə Səbuhi Ələkbərovun və ailəsinin ünvanına nalayiq ifadələr işlədibərək avtomaşındakı bıçaqla onun sol əlinə xəsarət yetirib.
Bu zaman Səbuhi .Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və Rəşad Fətullayev qayçı ilə arxadan boyun nahiyəsinə zərbə endirərək Elvin Həbibzadəni qətlə yetirib.
Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək burada Səbuhi Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar.
İstintaq orqanı tərəfindən Səbuhi Ələkbərov və Rəşad Fətullayevun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ittiham elan olunub.
Hazırda Bakı şəhər Prokurorluğunda cinayət işi zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.