Bu gün (03 oktyabr 2014) Şirvan Apellyasiya Məhkəməsində facebook işi üzrə məhkəmə davası davam edib.
Apellyasiya Məhkəməsi bu dəfə facebook-dakı tənqidi ifadələrə cinayət cəzası kəsilməsini haqlı hesab edib. Yada salaq ki, apellyasiya instansiyası eyni predmet üzrə çıxardığı əvvəlki iki qərarında ifadə azadlığına dəstək vermiş, facebook-da tənqidi düşüncələrini yayan Astara rayon sakini, keçmiş bank işçisi Mikayıl Talıbovun ifadələrinə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan məhkəmə hökmünü ləğv etmişdi.
“Facebook işi” ilə bağlı - Astara rayon Məhkəməsi 2013-cü ilin iyul ayında AccessBank-ın keçmiş işçisi Mikayıl Talıbovu internetdəki ifadələrindən dolayı cinayət məsuliyyətinə cəlb edən hökm çıxarmışdı. M.Talıbov AccessBank-dakı işindən çıxarılmasını qanunsuz sayırdı. O, facebook-da “Accessbank – Haqsızbank” adlı səhifə yaradaraq bankın işini sərt ifadələrlə qamçılamışdı. Bank həmin səhifəni defamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb etmişdi.
Astara Məhkəməsi facebook səhifəsindəki “Accessbank- Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50 000 manata 5 000 manat şapka alınır” və digər oxşar ifadələrin böhtan məzmunlu olduğu qənaətinə gələrək M. Talıbovu Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən bədnam 147.1 maddəsi ilə təqsirli bilmişdi.
M.Talıbov aylıq qazancının 20%-nin dövlətə alınmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, habelə M.Talıbovun üzərinə facebook-da təkzib vermək vəzifəsi (!) qoyulmışdu. Şirvan Apellyasiya Məhkəməsi isə rayon məhkəməsinin hökmünün ciddi prosessual pozuntulara yol verilməklə çıxarıldığı, M. Talıbovun ədalətli məhkəmə araşdırması hüququ pozulduğu əsası ilə işi yenidən baxılmaq üçün Astara Məhkəməsinə qaytarmişdi. Astara Məhkəməsi işə yenidən baxaraq şikayəti rədd etmiş, ancaq bu dəfə Appelyasiya Məhkəməsi şikayətçinin şikayətini təmin edərək rayon məhkəməsinin qərarını əsassız saymişdi.
Astara Məhkəməsi 2014-cü ilin iyun ayında şikayətə üçüncü dəfə baxaraq, şikayəti əsaslı hesab edərək cavabdehə cinayət cəzası verilməsinə hökm etmişdi. Hökmə görə, M.Talıbov böhtan cinayətində suçlu bilinmiş, onun üzərinə aylıq qazancının 20 faizini dövlət nəfinə ödəmək vəzifəsi qoyulmuş, təqsirkar həmçinin, 9 ay müddətinə islah işlərinə məhkum edulmişdi.
Şirvan Appelyasiya Məhkəməsi 3 oktyabr 2014-cü il tarixdə rayon məhkəməsinin son hökmündən verilən apellyasiya şikayətinə baxıb. Məhkəmə bu dəfə rayon məhkəməsinin hökmünü əsaslı hesab edərək qüvvədə saxlayıb.
Ayxan