Qusar rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Raul Orucovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Qusar rayon Məhkəməsində hakim Rafiq Kazımovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatı təmin olunub.
Raul Orucovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
İttihama görə, ötən il martın 5-də, saat 18 radələrində Qusar rayonunda 1970-ci il təvəllüdlü Raul Orucovun 1972-ci il təvəllüdlü qardaşı Kəmran Orucovu öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
İstintaqla Qusar rayon sakini Raul Orucovun aralarında yaranmış mübahisə zamanı qardaşı Kəmran Orucova bıçaqla zərbə yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Raul Orucov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
İstintaq orqanı tərəfindən Raul Orucovun barəsində Cinayət Məcəlləsini 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qusar rayon Prokurorluğunda istintaq davam edir.