Zaqatala rayonunda qətldə ittiham olunan 1991-ci il təvəllüdlü Abdul Ayalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com-un xəbərinə görə, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndiilən şəxsin anket məlumatları dəqiqləşdilib.
Məhkəmə baxışı iyulun 10-na təyin olunub.
İttihama görə, hadisə ötən il oktyabrın 23-də axşam saat 23:00 radələrində rayonun Danaçı kəndində baş verib.
Kənd sakinləri 1963-cü il təvəllüdlü Abakar Zutov, onun oğlu 1991-ci il təvəllüdlü Həmzət Zutov və onların həmkəndlisi, 1990-cı il təvəllüdlü Abdul Ayalovun arasında dava düşüb.
Dava zamanı Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib. Ağır bıçaq xəsarətləri olan Abakar Zutov Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Oğlu Həmzət Zutova isə sol əlin və sol kürəyin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Həmkəndlisini bıçaqlayaraq qətlə yetirən Abdul Ayalov Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Danaçı kəndində keçirilən toy mərasimində Abakar Zutov və Abdul Ayalov arasında rəqs etmək üstündə dava düşüb.
Məclis iştirakçıları davanın qarşısını alaraq tərəfləri sakitləşdirib. Mərasimi başa çatdıqdan sonra adıçəkilən şəxslər toy sahibinin evinə yığışıblar. Bu zaman onlar arasında yenidən dava düşüb. Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Abdul Ayalovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.