Gəncə şəhərində xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhddə ittiham olunan 1995-ci il təvəllüdlü Camal Allahverdiyev və onun yaşıdı Orxan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Camal Allahverdiyev 10 fevral 2017-ci il tarixdə gecə saatlarından başlayaraq tanışları ilə birlikdə içki məclisi qurub.
Daha sonra səhər saat 9 radələrində dostu Orxan Quliyevlə birlikdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə Dəmir yol vağzalının yaxınlığında yerləşən çayxanadan çıxıb və evləri istiqamətində gedib.
Bu zaman onların qarşısına çıxan depo gözətçisi Röyal Abbasovun baxışları Camal Allahverdiyevin xoşuna gəlməyib. Bunu bəhanə edən Camal Allahverdiyev Gəncə Lokomotiv Deposunun giriş qapısının qarşısında Orxan Quliyevlə birlikdə gözətçiyə sataşıb, onun yanından keçərkən “darıxma, sənin də payını verəcəm” deyib.
İçki məclisindən sonra dava
Daha sonra Camal Allahvediyev Orxan Quliyevlə birlikdə gözətçiyə hücum edib, ona yumruq və təpiklə çoxsaylı zərbələr vurublar, habelə deponun gözətçilər üçün nəzərdə tutulmuş otağının pəncərəsinin şüşəsini daş parçası ilə sındırıblar.
Bir saat sonra onlar deponun gözətçi otağına daxil olaraq, xidmət aparan gözətçilər Kərəm Məmmədov və Zaur Nemətovdan yumruq və təpiklə xəsarət yetirdikləri Röyal Abbasovun yerini soruşublar.
Gözətçi məntəqəsinə basqın
Gözətçi Kərəm Məmmədov Röyal Abbasov barədə məlumatının olmadığını bildirib. Gözətçinin yalan söylədiyini güman edən Camal Allahverdiyev bundan hiddətlənib. O, Orxan Quliyevlə birlikdə Kərəm Məmmədovu öldürmək qərarına gəlib. Üzərində gəzdirdiyi bıçaqla Kərəm Məmmədova hücum edib, ona 3 zərbə vurub.
Hadisə zamanı Orxan Quliyev Kərəm Məmmədovun sol qaş nahiyəsinə yumruqlayıb.
Kərəm Məmmədovun müqaviməti və yaxınlıqda olan şəxslərin müdaxiləsi səbəbindən zərər çəkmişə növbəti bıçaq zərbələrinin endirilməsinə imkan verilməyib. O, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasına aparılıb. Vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
İki dosta iki maddəli ittiham
İstintaq orqanı tərəfindən Camal Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), Orxan Quliyev isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunublar.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal Allahverdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 10 fevral 2017-ci ildə, saat 1 radələrində evdən çıxaraq qonşunun hüzr yerinə gedib, orada tanışı Orxan Abbasov, Tural Bayramov, “Tınış” ləqəbli Tural və Seyfi də olub: “Ora Seyfinin babası vəfat etdiyi üçün getmişdik, təxminən 1 saat orada olduqdan sonra Orxan, Tural, Tınış (Tural) və mən Gəncə vağzalının yaxınlığındakı “Şəhrizad” çay evinə gəldik.
Ac olduğumuz üçün kartof qızartması sifariş verdik. Evdən götürdüyüm arağı stola qoydum, yeyib-içdik”.
“Bacısının arxası ilə məktəbə getmək istədim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən səhər saat 6-ya qədər orada oturub, eyni zamanda pivə də içiblər: “Sonra çay evindən çıxdıq, deponun qabağı ilə evimiz yaxınlığında yerləşən “Arzu market” adlı mağazanın qarşısına gəldik.
Deponun qarşısında təbii ehtiyacımı ödəmək üçün bazarın içərisində olan tualetə getmək istədim. Tınış (Tural) yatmaq istədiyini bildirdi və evə getdi. Təxminən saat 7-8 radələri olardı.
Orxan Abbasov və Tural Bayramov Tınışı yola saldılar. Yolda olan zaman tanışım Orxan Quliyevə zəng etdim. Orxanın Abbasovun bacısını sevdiyim üçün onun arxası ilə məktəbə getmək istədim. Bazarın içərisində olan tualetə girdim. Orxan və Tural isə Tınışı yola salmağa getmişdilər. Deponun yanındakı çayxananın yanında duranda gördüm ki, Tural Bayramov, Orxan Abbasov və Orxan Quliyev birlikdə gəlirlər”.
“Baxışları xoşuma gəlmədi”
Camal Allahverdiyevin ifadəsinə görə, telefonunun enerjisi qurtardığı səbəbindən, eyni zamanda qızınmaq üçün çayxanaya daxil olub: “Çayxana təzə açılmışdı, müştəri yox idi, yalnız çayçı Fəridi və onun tanışı Sahibi gördüm. Fəriddən çay istədim. Fərid hələ çay olmadığını və təmizlik işləri apardıqlarını bildirdi. Bir müddətdən sonra Tural Sahiblə sözlü mübahisə etdi. Onların mübahisəsinin qarşını aldıq.
Orxan Abbasov və Tural Bayramov Sahibi çayxanadan çıxararaq evlərinə yola saldılar. Orxan Quliyevlə birlikdə çayxanadan çölə çıxdıq, deponun qarşısı ilə evə tərəf gedəndə Röyal Abbasovun orada dayandığını gördük. Çox içkili olduğum üçün Röyalın baxışları xoşuna gəlmədi. Röyala “darıxma, sənin də payını verəcəm” dedim, Röyal isə mənə söyüşlə cavab verdiyi üçün yanımda olan Orxan Quliyev Röyalı döymək üçün onun üzərinə getdi.
Orxanın arxası ilə mən də Röyalın üstünə cumdum. Röyala təpik-yumruq vurduq, birlikdə Röyalı döydük. Röyal ilə mənim aramda hər hansı ədavət olmayıb, sonuncunu heç bir səbəb olmadan döymüşük”.
“Hirsim soyumamışdı”
Camal Allahverdiyev bildirib ki, sonra Röyalı bıçaqlamaq üçün evə gedərək bıçaq götürüb: “Amma Röyalı heç bir zaman öldürmək fikrim olmayıb. Orxan bıçağı mənim əlimdən aldı, məni evdən çölə çıxardı. Evdən çıxdıq və deponun qabağı ilə gələndə Röyala olan əsəbim soyumadığı üçün yerdən daş götürərək mühafizəçi otağının yol tərəfdə olan pəncərəsinin şüşəsini qırdım.
Sonra Tural Bayramovu yolda gördüm, üçümüz birlikdə “Dostum” kafesinə getdik. Yenə pivə və “Go” adlı spirtli içki içdik. “Dostum” kafesində oturanda hələ də hirsi soyumamışdı, Röyaldan heyfimi çıxmaq istədim. Röyalla məsələni yoluna qoymaq üçün depoya getmək barədə qərar verdim. Orxan Abbasov, Tural Bayramov, Orxan Quliyevlə birlikdə depoya yollandıq. Cibimdə qatlanan bıçaq var idi. Həmin bıçağın üzərimdə olmasından yanımdakı şəxslərin xəbəri olmayıb”.
“Ürək nahiyəsinə zərbə yetirdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, çoxlu spirtli içki içdiyi üçün bıçağın üzərində olduğu özünün də yadından çıxıb: “Hirsli şəkildə mühafizəçi otağının yaxınlığına çatanda anidən cibimə əl atdıqda bıçağın cibimdə olduğunu gördüm. Bıçağı üzərimdə daşımaqda hər hansı məqsədim olmasa da, mühafizəçi otağının yanına çatanda onu Röyalı bıçaqlamaq üçün çıxarıb, deponun dəmir qapısından içəri girdim.
Bıçağı əlimin içində gizlətdiyim üçün yanındakı şəxslər onu görmədi. İçəri girdikdən sonra qışqıra-qışqıra Röyalı axtardım. Lakin Röyalın orada olmadığını gördüm, mühafizəçi otağına daxil oldum.
Bu vaxt Orxan Quliyev, Orxan Abbasov və Tural Bayramov da arxamca otağa girdilər. Şüşəsi qırılmış pəncərənin qabağında oturmuş mühafizəçi Kərəmi gördüm. Ondan Röyalı soruşdum, o, nə baş verdiyini soruşdu. Kərəm ayağa qalxmaq istədikdə, dərhal əlimdə olan bıçaqla Kərəmi öldürmək üçün onun sağ böyrəyinə vurdum.
Sonra onu öldürmək üçün sağ əlimdə olan bıçaqla Kərəmin ürək tərəfinə, sol qolunun altına xəsarət yetirdim. Hirsim soyumadığı üçün onun qarın boşluğuna da zərbə vurdum”.
“Bizi avtovağzala aparmasını tələb etdik”
Camal Allahverdiyevin sözlərinə görə, onun yanında olanlardan yalnız Orxan Quliyev yumruqla Kərəmin sifətinə vurub: “Ardıcıl zərbələrə davam etmək istədikdə, yanımda olanlar məni zorla dayandıraraq çölə çıxardılar. Hirsim soyumamışdı, digər mühafizəçinin polis dalınca getdiyini bildikdə, dəmir qapıdan çölə çıxdım. Çöl tərəfdən, şüşəsi qırılmış pəncərədən əlimi içəri salaraq Kərəmi bıçaqlamaq üçün onun arxa tərəfinə daha bir zərbə endirdim.
Sonra dördümüz də birlikdə dəmir reyslərinin olduğu yerlə qaçdıq. Əlimdə olan bıçağı qatlayaraq bağlı şəkildə relslərin sağ tərəfinə atdım. Qaça-qaça stansiyaya gəldim. Stansiyanın qabağında nömrəsini hazırda xatırlamadığım “Mercedes” markalı taksiyə əyləşdik. Bizi avtovağzala aparmasını tələb etdik”.
“Məqsədim Bakıya qaçıb, gizlənmək olub”
Təqsirləndirilən şəxs deyib ki, orada Orxan Abbasovla Bakıya getməyi qərarlaşdırıblar: “Həmin vaxt məqsədim Bakıya qaçıb, gizlənmək olub. Lakin Tural Bayramovla Orxan Quliyev Bakıya getmək istəmədiklərini bildirdikləri üçün onlar “Azərbaycan” tikinti materialları mağazasının qarşısında düşdülər. Orxanla birlikdə avtovağzala getdik. Oradan Bakıya gedən “Mercedes” markalı maşına əyləşdik. Lakin qiymət məsələsində razılaşa bilmədiyimiz üçün bir qədər getdikdən sonra taksidən düşdük. Həm də Orxan Bakı şəhərinə getmək istəmədi.
Ondan sonra digər taksiyə oturaraq dəqiq xatırlamadığı yerdən Orxanla Turalı götürdük, Yeni Gəncə qəsəbəsində kafeyə gəldik. Kafedə oturan zaman hirsim hələ də soyumamışdı”.
Camal Allahverdiyev bildiurib ki, qorxduğu üçün gizlənb, heç kim onun harada olmasını bilməyib. Fevralın 20-də, gecıə saatlarında polisə gələrək təslim olub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Camal Allahverdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Orxan Quliyev isə 1 il 8 islah işləri cəzasına məhkum olunub.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxslər də apelyasiya şikayəti verib. Onlar barələrində olan cəzaların yüngülləşdirilməsini xahiş ediblər.
Tərəflərin şikayətləri araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda prokurorun protestinin, təqsirləndirilən şəxslərin şikayətlərinin dəlilləri araşdırlıb, sonda qərar elan olunub.
Prokurorun apelyasiya protesti təmin edilib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Camal Allahverdiyevin cəzası 15 ilə qədər artırılıb. Orxan Quliyevin barəsində isə 1 il 4 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
Təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.