Bakıda tanışını bıçaqlamaqda ittiham olunan 1999-cu il təvəllüdlü Elvin Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il martın 13-nə keçən gecə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü İlkin Hüseynov qarın boşluğuna nüfuz edən bıçaq yarası alıb. Zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Sözügedən ərazidə 18-ci polis bölməsinin əməkdaşları araşdırma zamanı ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxsi müəyyənləşdiriblər. Məlum olub ki, bu, zərərçəkənin yaxın dostu Elvin Həsənovdur.
Lakin zərərçəkən şəxs Elvin Həsənovun təqsirkar omadığında israr edib. Onun sözlərinə görə, həmin gecə onlar zarafatlaşıblar və bıçaqlama təsadüfən olub.
İlkin Hüseynov dostu ilə bağlı polisə şikayət etməyəcəyini deyib.
Qeyd edək ki, zərərçəkən şəxs əvvəllər Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum edilib.
İstintaq orqanı tərəfindən Elvin Həsənovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.