Bakıda qonşusunu qəsdən vuraraq qətlə yetirməkdə təqsirləndirilən Murad Baxşıyevin barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İıqar Murquzovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları, daha sonra onun apelyasiya şikayətinin dəlilləri müəyyən olunub.
Məlum olub ki, Murad Baxşıyev cəzasının yüngülləşdirilməsini istəyib. Növbəti iclas iyulun 22-nə təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Baxşıyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. 29 yaşlı Murad Baxşıyev mübahisə zamanı idarə etdiyi "VAZ 2107" markalı avtomobillə tanışı və qonşusu 1988-ci il təvəllüdlü Rəşad Əliyevi qətlə yetirib. Hadisə zamanı ölən şəxsin yanında Murad Baxşalıyevin bacısı Vüsalə Baxşalıyeva da orada olub və o da xəsarət alıb.
Vüsalə Baxalıyeva ailəli olub və sonradan ailəsindən ayrılıb, hazırda təkbaşına üç uşaq böyüdür.
Məlumata görə, Murad Baxşiyev bacısını Rəşad Əliyevin yanında gördüyünə görə hiddətlənib və bu səbəbdən onu idarə etdiyi maşınla vurub.
İstintaq orqanı tərəfindən Murad Baxşıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.