Qusar rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Raul Orucovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il martın 5-də, saat 18 radələrində Qusar rayonunda 1970-ci il təvəllüdlü Raul Orucovun 1972-ci il təvəllüdlü qardaşı Kəmran Orucovu öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
İstintaqla Qusar rayon sakini Raul Orucovun aralarında yaranmış mübahisə zamanı qardaşı Kəmran Orucova bıçaqla zərbə yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Raul Orucov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
İstintaq orqanı tərəfindən Raul Orucovun barəsində Cinayət Məcəlləsini 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.