Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini C.Mirxanlı saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən 305 qram narkotik vasitə heroin aşkarlanıb.
Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evin həyətinə keçirilən baxış zamanı orada gizlədilmiş 1 ədəd sellofan torbada 8 kq 140 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.