Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulmasında təqsirli bilinərək həbs edilən paytaxt sakini Əsgər Şalıyev və Oğuz rayon sakini Elşən Səfərəliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim İslam Həsənovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşları tərəfindən birgə tədbirlər nəticəsində paytaxt sakini Əsgər Şalıyev və Oğuz rayon sakini Elşən Səfərəliyev xüsusi karantin rejimini pozmaqda şübhəli bilindikləri üçün Bakı şəhərində saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, E.Səfərəliyev və Ə.Şalıyev epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronovirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bakı şəhəri istiqamətində hərəkət ediblər.
Bu məqsədlə E.Səfərəliyev Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan təxminən 1 kilometr aralıda özünə məxsus “Mercedes” markalı avtomobili idarə etməyi 50 manat müqabilində razılığa gəldiyi paytaxt qeydiyyatında olan tanışı Ə.Şalıyevə həvalə edib.
E.Səfərəliyev isə nəqliyyat vasitəsinin yük yerində gizlənməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən postu keçib. Daha sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Əsgər Şalıyev və Elşən Səfərəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.