Füzuli rayonunda cinayət törətməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Natiq Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Natiq Mirzəliyev Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən “Bəhmənli” şadlıq evinin yan tərəfində Adil Namazovun işlətdiyi pivəxanada həmkəndliləri – Vasif Məmmədov, Kamil Məmmədov və Ceyhun Məmmədov ilə birlikdə pivə içib.
Daha sonra birlikdə Ceyhun Məmmədovun idarə etdiyi “VAZ-21074”markalı avtomobilə miniblər və kəndarası yolla evlərinə doğru yola düşüblər.
Bu zaman Natiq Mirzəliyev maşında ön sərnişin oturacağında əyləşmiş Vasif Məmmədovla əl-qol hərəkətləri ilə zarafat edib. Kamil Məmmədovun yaşadığı evin qarşısında hamısı avtomobildən yerə düşüblər.
Bu vaxt Natiq Mirzəliyev yenidən Vasif Məmmədovla əl-qol hərəkətləri ilə zarafatını davam etdirib. Həmin zarafat söz mübahisəsinə çevrilib.
Vasif Məmmədov Natiq Mirzəliyevin bu hərəkətlərindən əsəbiləşib, onunla zarafat etməsinə iradını bildirib.
Orada olan Ceyhun Məmmədov və Kamil Məmmədov onların mübahisə etdiyini görüb, hər ikisini sakitləşdiriblər.
Kamil Məmmədov Natiq Mirzəliyevi, Ceyhun Məmmədov isə Vasif Məmmədovu öz evlərinə aparıb.
Bundan təxminən 5 dəqiqə sonra Natiq Mirzəliyev Vasif Məmmədova zəng edib. Onu Füzuli rayonu, Böyük Bəhmənli kəndinin kənarında yerləşən “Panel” adlanan əraziyə çağırıb.
Daha sonra Vasif Məmmədov Natiq Mirzəliyevin yanına gəlib. Natiq Mirzəliyev heç bir söz demədən xuliqanlıq niyyəti ilə Vasif Məmmədovun baş nahiyəsinə yumruqla bir zərbə vurub. Zərbənin təsirindən Vasif Məmmədov özünü itirərək yerə yıxılıb.
Bundan sonra Natiq Mirzəliyev yumruqla və istintaqa məlum olmayan bərk küt əşya tətbiq etməklə Vasif Məmmədovun baş və sifət nahiyələrinə çoxsaylı zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Natiq Mirzəliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Mirzəliyev 7 il müddətinə azadlıqdan məhrum edilb.
Hökmdən narazı qalan Natiq Mirzəliyev apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Natiq Mirzəliyevin apelyasiya şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Natiq Mirzəliyev kasasiya şikayəti verib. onun kasasiya şikayəti Ali Məhkəmədə araşdırılıb və təmin olunmayıb.